logo

AQTA Rusiyadan quş əti və damazlıq yumurta  idxalına qadağa qoydu

17:34 21-09-2021 | icon 2492
AQTA Rusiyadan quş əti və damazlıq yumurta  idxalına qadağa qoydu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Rusiya Federasiyasının Primorski diyarının Şkotovski rayonunda Nyukasl xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə həmin bölgədən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya Federasiyasının Primorski diyarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.