logo

Ermənistanın işğalı nəticəsində Azərbaycanın 54 min hektar meşə sahəsi məhv edilib

14:14 21-09-2021 | icon 1869
Ermənistanın işğalı nəticəsində Azərbaycanın 54 min hektar meşə sahəsi məhv edilib

Azərbaycanın 30 ilə yaxın işğal altında qalan füsunkar təbiətə malik Şərqi Zəngəzur və Qarabağ bölgələri 2020-ci ilin sonunda müzəffər Ordumuz tərəfindən azad olunub, ərazi bütövlüyümüz bərpa edilib və biz doğma torpaqlarımıza geri qayıtmışıq. İşğal nəticəsində regionun təbiətinə, bioloji müxtəlifliyinə, bütövlükdə ekosistemə ciddi ziyan vurulub, bu, bir çox hallarda ətraf mühitin deqradasiyasına gətirib çıxarıb, eləcə də təbii sərvətlərin amansız istismarı nəticəsində ekoloji tarazlıq pozulub.

YeniAvropa xəbər verir ki, bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ADA Universitetində Azərbaycandakı xarici ölkələrin səfirləri və diplomatik korpusun nümayəndələri üçün keçirilən “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda brifinqdə deyib.

Nazir müavini qeyd edib ki, aparılan monitorinqlərin nəticələri meşələrin, xüsusi mühafizə olunan ərazilərin, çoxillik təbiət abidələrinin məhv edilməsi və mineral xammal ehtiyatlarımızın talan olunması faktlarını bir daha təsdiqləyir.

V. Kərimov bildirib ki, işğaldan əvvəl həmin ərazilərdə mövcud olan 229 min hektar meşə sahəsindən 54 min hektarı (25 faizi), xüsusilə də Şərqi Zəngəzur bölgəsində - Qubadlı və Zəngilan rayonlarında mövcud olan meşələrin yarısından çoxu məhv edilib. Bu ərazilərdə daha çox rast gəlinən çinar, palıd, fıstıq, vələs, ağcaqayın, tozağacı və digər qiymətli ağac növləri (28,5 milyon ədəd) kəsilərək müxtəlif məqsədlər üçün istifadə edilib. Meşələrin kütləvi şəkildə qırılması səhralaşmaya və torpaqların eroziyasına səbəb olmaqla yanaşı, meşə ekosisteminin və onun tərkib hissəsi olan qiymətli flora və fauna növlərinin məhvinə gətirib çıxarıb.