Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, Bakının Yasamal rayonunun M.Xiyabani küçəsi, 10c ünvanında “Qismət” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.
Yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçilərin bəzilərinin tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub. Aşkarlanan pozuntularla əlaqədar müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.