logo

Keçmiş hakim arvadını öldürəndə sərxoş olub-Şahidlər danışdı

20:30 16-09-2021 | icon 1869
Keçmiş hakim arvadını öldürəndə sərxoş olub-Şahidlər danışdı

Sabunçu rayon Məhkəməsinin keçmiş hakimi, həyat yoldaşını qəsdən öldürməkdə təqsirləndirilən  Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

YeniAvropa xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baxılıb. Prosesdə şahidlər dindirilib. Və şahid ifadələrindən nəhayət məlum olub ki, keçmiş hakim həyat yoldaşını öldürərkən sərxoş olub.

Əvvəlcə  şahid qismində Sabunçu rayon Cinayət Axtarış Şöbəsinin əməkdaşı  Yasin Umudov ifadə verib. Əməliyyat qrupunu üzvü olduğunu deyən polis əməkdaşı 102 xidmətinə gələn zəngdən sonra Nardaran qəsəbəsinə - hadisə yerinə getdiyini deyib: "Təkrar zəng vuranda  Fəqan Əhmədov özü telefona cavab verdi. Dedi ki, arvadımı silahla vurmuşam. Həmin ünvana getdik. Evləri "Ləhiş bağları" ərazisində idi. Həyətdən içəri girdik, Fəqan özündə deyildi, ondan spirtli içki qoxusu gəlirdi. Sabunçu rayonunun 42-ci polis bölməsinin əməkdaşları da ordaydı". 

Şahid deyib ki, F.Əhmədov mütəmadi olaraq spirtli içki qəbul etdiyinə görə həyat yoldaşı ilə aralarında narazılıq olduğunu, onu silahla qorxutmaq istədiyini deyib: "Qadın divanda oturaqlı vəziyyətdə idi. Güllə ürəyindən dəymişdi. Fəqan sonra özünü də vurmaq istəyib. Amma övladları gözünün önünə gəlib, özünü öldürə bilməyib. Sərxoş olub, elə bilib silahın qoruyucusu bağlıdı. Çox peşmançılıq içindəydi".

Nardaran qəsəbəsi üzrə sahə rəisi, polis mayoru, əməliyyat qrupunun rəhbərlik etmiş Ülfət İsgəndərov ifadəsində 102 xidmətindən daxil olan məlumat əsasında hadisə yerinə getdiyini deyib: "Hadisə yerinə ilk gedən mən olmuşam. Hiss olunurdu ki, Fəqan sərxoşdur. Dedi, zarafatlaşırdıq, qorxutmaq istədim, tüfəngi tuşladım, güllə əlimdə açıldı. Çox həyəcanlı idi, peşiman idi. Deyirdi, axırıncı dəfə Novruz bayramında atəşfəşanlıq üçün silahdan atəş açmışam, ondan sonra evə qoymuşam, içərisində güllə olub olmadığı yadında qalmayıb".

Tərəflərin suallarını cavablandıran şahid evdə mübahisə yarada biləcək hər hansı halla qarşılaşmadığını deyib: "Mənzildə səliqə səhman pozulmamışdı, dava-dalaş əlamətləri yox idi".

Daha sonra məhkəmə prosesinə keçmiş hakimin hadisənin bilavasitə şahidi olmuş 14 yaşlı oğlu dəvət edilib. F. Əhmədovun müdafiəçiləri məhkəmədə yeniyetmənin psixoloji gərginlik keçirməsini, psixoloq yanında müalicə olunmasını nəzərə alaraq onun dindirilməməsini istəyiblər.

Hakim yeniyetməyə deyib:  "Oğlum, sənin şahid kimi ifadə vermək və ifadə verməkdən imtina etmək hüququn var. İfadə vermək istəyirsənmi?"

Yeniyetmə ifadə vermək istəmədiyini deyib və istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib.Məhkəmə tərəflərin razılığını nəzərə alaraq 14 yaşlı şahidin istintaqa verdiyi ifadəsini elan edilmiş hesab edib.

Məhkəmə prosesi sentyabrın 30-da davam edəcək.

Xatırladaq ki, bu  qətl hadisəsi 2021-ci il mayın 30-da gecə saatlarında Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində baş verib. F.Əhmədov aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı öldürüb.

Bundan əvvəlki prosesdə mərhum Pərvanə Əhmədovanın valideyinləri məhkəmədə ifadə veriblər və kürəkənlərinə qarşı şikayətçi olmadıqlarını, onu bağışladıqlarını deyiblər, onun azadlığa buraxılmasını xahiş ediblər…