logo

Paytaxtda daha bir saxta "COVİD-19" pasportu satan dəstə yaxalandı

11:33 16-09-2021 | icon 1561
Paytaxtda daha bir saxta "COVİD-19" pasportu satan dəstə yaxalandı

Bakı şəhəri ərazisində pul müqabilində vətəndaşlara COVID-19 əleyhinə peyvənd vurulmadan vaksin sertifikatının və aidiyyəti qurumlara təqdim etmək üçün saxta arayışların verilməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən  YeniAvropa-ya bildirilib ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhəri 20 saylı şəhər poliklinikasında həkim-terapevt Günay Hüseynovanın həmin poliklinikanın tibb bacısı Nailə Musayeva, Abşeron Rayon Mərkəzi Xəstəxanasının Mehdiabad Ailə Sağlamlıq Mərkəzinin mama-ginekoloqu Esmira Xudayarova, Mərkəzi Dəmir Yol Xəstəxanasının həkim–terapevti Bəsti Behbudova və “Paşa-K” firmasının reklam üzrə mütəxəssisi İlahə Quliyeva ilə cinayətkar əlaqəyə girərək tamah niyyəti ilə paytaxt ərazisində 100-dən artıq şəxsin hər birindən 200-250 manat məbləğində pul alınması müqabilində COVID-19 əleyhinə peyvənd vurulmadan vaksin sertifikatının verilməsini, qeydiyyata alınmasını, vətəndaşlar barədə “e-TƏBİB” portalında mövcud məlumatların dəyişdirilməsini təşkil etmələrinə əsaslı şübhələr müəyyən olunub.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.