Sentyabrın 12-si saat 23 radələrində Ağstafa rayonunun Köçəsgər kənd sakinləri Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşfiq Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Ağstafa rayon Prokurorluğundan YeniAvropa-ya bildirilib ki, aparılmış araşdırmalarla 1986-cı il təvəllüdlü Sabir Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi 1981-ci il təvəllüdlü Yaşar Yusifovun sol döş qəfəsi nahiyəsinə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə, onun qardaşı Müşfiq Zeynalovun isə sol kürək nahiyəsinə xəsarət yetirərək öldürməyə cəhd göstərməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Sabir Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.