Qazax rayon Mərkəzi Xəstəxanasında COVID-19 pasportunun qanunsuz verilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Qazax rayon Prokurorluğundan YeniAvropa-ya bildirilib ki,
araşdırma ilə həmin xəstəxananın vəzifəli şəxsləri tərəfindən müxtəlif məbləğlərdə pul müqabilində ayrı-ayrı şəxslərə vaksin vurulmadığı halda saxta COVID-19 pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanıb.
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.