logo

İrandan Azərbaycana 12 kq narkotika keçirdilər: 2-si qaçdı, 1-i yaxalandı

15:54 10-09-2021 | icon 1911
İrandan Azərbaycana 12 kq narkotika keçirdilər: 2-si qaçdı, 1-i yaxalandı

Sentyabrın 8-də saat 00:57 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində üç nəfər naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub.

Baş Prokurorluğun və DSX-nin mətbuat xidmətlərinin YeniAvropa-ya daxil olan birgə məlumatında bildirilib ki, sərhəd naryadı “Dayan!” komandasına, havaya xəbərdarlıq atəşinə məhəl qoymayan sərhəd pozucularının ərazidən qaçmaq cəhdinin qarşısını almaq məqsədilə “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edib.

Sərhəd pozucularından biri yaralanıb, digər ikisi havanın qaranlıq və ərazinin meşə massivi olmasından istifadə edərək uzaqlaşmağa müvəffəq olublar.

Qol nahiyəsindən yüngül yaralanmış sərhəd pozucusu Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona zəruri tibbi yardım göstərilib. Araşdırma zamanı saxlanılan şəxs özünü İran İslam Respublikasının vətəndaşı 1981-ci il təvəllüdlü Zəmani Mirəsgər Mirağa kimi təqdim edib. Onun əlindəki çantaya baxış zamanı içərisindəki bağlamalardan təxmini çəkisi 11 kiloqram 770 qram narkotik vasitəyə bənzər maddələr aşkarlanıb.

Baş vermiş hadisə barədə İran tərəfi məlumatlandırılıb.

Digər sərhəd pozucularının aşkarlanaraq saxlanılması məqsədilə hadisənin baş verdiyi istiqamətdə dövlət sərhəd xətti boyu ərazi qapadılıb.

Faktla bağlı Füzuli Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1-ci, 234.4.3-cü (satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma), 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda prokurorluq və DSX əməkdaşları ilə birgə intensiv istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.