logo

Bakıda Türk Şurası iqtisadiyyat nazirlərinin görüşü və biznes forumu keçiriləcək

15:45 09-09-2021 | icon 1974
Bakıda Türk Şurası iqtisadiyyat nazirlərinin görüşü və biznes forumu keçiriləcək

Sentyabrın 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

XİN-in Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, tərəflər Türk Şurasının gündəliyində duran geniş spektrli məsələləri, qarşıdakı tədbirləri, xüsusilə də cari ildə İstanbulda keçiriləcək Zirvə görüşünə hazırlıq məsələlərini ətraflı müzakirə ediblər.

Bakıda keçiriləcək Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin görüşü və biznes forumunun gündəliyi barədə məlumat verən Baş katib, həmçinin qurumun iqtisadi sahədə əməkdaşlığın möhkəmləndirilməsi sahəsində görülən tədbirlərdən danışıb. Bağdad Amreyev bütün iştirakçı dövlətlərdən şirkətlərin Azərbaycanın azad edilmiş ərazilərinin bərpası prosesində iştirakda maraqlı olduqlarını bildirib, çoxsaylı iş adamının Bakıda keçiriləcək biznes foruma qatılacağını vurğulayıb.

Nazir Ceyhun Bayramov Türk Şurasının Bakıda baş tutacaq iqtisadiyyat nazirlərinin görüşü və biznes forumuna uğurlar arzulayıb. Azərbaycanın Türk Şurası çərçivəsində əməkdaşlığa yüksək önəm verdiyi, təşkilatın fəaliyyətinin tərəfimizdən hər zaman dəstəkləndiyi vurğulanıb.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.