logo

Ramin Hacılı təcridxanadan prezidentə məktub yazdı

12:02 09-09-2021 | icon 1771
Ramin Hacılı təcridxanadan prezidentə məktub yazdı

Azərbaycan Respublikasının ərazisini tərk edən vətəndaşların xarici ölkələrdə qanunsuz «siyasi sığınacaq» almalarının təşkil edilməsində təqsirləndirilərək iyul ayında həbs edilən  Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı 5 gündür ki, quru aclığa başlayıb.

 YeniAvropa xəbər verir ki,aksiyanın səbəbi isə onun həbsi ilə bağlıdır. Ramin Hacılı hesab edir ki, ona qarşı irəli sürülən ittihamlar əsassızdır və istintaq prosesi qanunuyğun aparılmır. R.Hacılı son 5 ildə ona qarşı qaldırılan bir neçə cinayət işi və aparılan istintaq proseslərinin detalları ilə bağlı prezident İlham Əliyevə müraciət edib.

R.Hacılı müraciətində prezidentdən prosesi nəzarətə götürməyi və ədalətin bərpa olunması üçün dəstək istəyir. Həmin müraciəti oxuculara təqdim edirik:

"Möhtərəm prezident!

2016-cı ilin dekabr ayında mənə qarşı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma başlayanda ailəmlə birgə Türkiyədə səfərdə idim. Müstəntiqə zəng edərək 3 günə gələcəyimi söylədim. Hansı ki , ABŞ və Avropa ölkələrinə qaçmaq fikrim olsaydı, müvafiq vizalarım var idi. Lakin özümü cinayətkar və ya günahkar bilmədiyimdən, həmçinin qanun pozuntusu etmədiyimə əmin olduğumdan dediyim vaxtda Bakıya geri döndüm. Ertəsi gün müstəntiq İlahi Qurbanovun yanına gedərək suallarını cavabladım.

2017-ci il yanvar ayında mənə qarşı cinayət işi başladıldı. Təqsirim viza görüşünə gedən vətəndaşlar üçün çalışdıqları müəssisələrdən alacaqları- orada işlədiklərini təsdiq edən arayışları düzgün formada hazırlamaqlarına kömək etməyim idi. Mən öz komputerimdə 4 vətəndaş üçün iş arayışını tələblərə uyğun formada ingiliscə hazırlayaraq təqdim etmişəm. Onlar da öz növbəsində çalışdıqları müəssisələrdə rəsmi blanka salaraq möhürlədiblər. İstintaq müəyyən etdi ki, mən heç bir blankı və ya möhürü saxtalaşdırmamışam. Bununla belə mənə qarşı cinayət məcəlləsinin 2 maddəsi ilə ittiham verilərək iş Nəsimi rayon Məhkəməsinə göndərildi. İttham aktında yazılmışdı ki, mən iş arayışlarını tələblərə uyğun hazırlamaqla CM-nin 310-cu və 321-ci maddələri ilə təqsirkaram... Saxtakarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə! Hansı vəzifələr? Hansı saxtakarlıq?  Bu sualların cavabını isə işə baxan Nəsimi rayon Məhkəməsinin hakimindən soruşanda dedi ki, “bu iş elə idarədən gəlib ki, biz ona müdaxilə edə bilmərik”.

Dövlət ittihamçısı bu iki maddə üzrə 5 il müddətinə həbs olunmağımı istədi. Bu isə hər iki maddənin toplanılması ilə ən yüksək hədd idi. Bir maddənin maksimum həddi 2 il, digəri isə 3 il idi. Hələ mənim ilk məhkumluğum, himayəmdə xəstə anamın olması, evli olmağım, övladımın olması, ictimai təhlükə törətməyən cinayət əməli olması, prezidentin  10 fevral 2016-cı il tarixli cəzaların yüngülləşdirilməsi ilə bağlı fərmanı Respublika Prokrorluğu üçün əhəmiyyətsiz görünürdü. Nəsimi rayon Məhkəməsinin hakimi 04 oktyabr 2017-ci il tarixində 2 il sınaq olmaqla 3 il müddətinə şərti cəza hökmü çıxardı. Həmin iki il sınaq müddəti bitərkən Nizami rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyev cəzanı daha 6 ay uzatdı.

Nəhayət “çox böyük cinayətimə” görə verilən cəzaların bitdiyini düşünürdüm ki, 2021-ci ilin iyun ayında Nərimanov rayon Məhkəməsinin qərarı ilə daha bir cəza aldım!

Bütün bu qanunsuzluqlar baş verərkən mənə deyirdilər ki,  narahat olma, sonda hər şey yaxşı olacaq. Çünki sənin işin prezidentin nəzarətindədir.  Mən də inanıb susurdum. Eyni şeyi indi də deyirlər.

Möhtərəm prezident!

04 oktyabr 2017-ci il  tarixli Nəsimi rayon Məhkəməsinin absurd qərarı məqsədli şəkildə  və təhrif olunaraq  mətbuata verildi. Əli Həsənovun nəzarətində olan KİV-lər mənim fikrimi öyrənmədən, əsl səbəbləri araşdırmadan bu qərəzli məlumatları yayımladı. Həmin mətbuat orqanları bundan sonra da əlimdəki sübutları və işin mahiyyəti ilə bağlı mövqeyimi yayımlamaqdan imtina etdi. Bu halın sonradan dəfələrlə təkrarlanması baş verdi. İmicimi ləkələmək üçün məqsədli fəaliyyət bu gün də davam etdiyindən bu mövzunu məxsusi diqqətinizə çatdırıram.

Möhtərəm prezident! 

Mənə qarşı ikinci cinayət işi 2018-ci ilin 4 iyun tarixində başladılıb. Həmin işə görə guya mən dövlət sərhəddini qanunsuz olaraq keçməyə cəhd etmişəm. Cinayət Məcəlləsinin 29.318.1-ci maddəsi ilə başladılan işə görə 2 ay müddətinə istintaq dövrü həbs olundum.  Nərimanov rayon Məhkəmsində keçirilən məhkəmə istintaqı zamanı əsgər ifadələri və proses nəticəsində məlum oldu ki, mən sərhəddə yox, Balakəndən Bakıya qayıdarkən maşında saxlanılmışam və elə olduğum maşında da hərbi hissəyə aparılaraq həbs olunmuşam. Heç maşından düşməmişəm. Bəs mənə qarşı bu qondarma işi niyə başladıb həbs etmişdilər və mətbuatda mənim barəmdə cəfəng fikirləri kimlər yaymışdı? Araşdırsanız görərsiniz ki, bəzi KİV rəhbərlərinə Əli Həsənov şəxsən bu xəbəri yayımlamağı tapşırmışdı. Məni həbs edib telefon, görüş qadağası qoub mətbuatda təktərəfli qaydada böhtanlar yazdırmaq hansı əxlaqi və ya dövlət siyasəti ola bilər? Məsələ bununla bitmədi. Həbsdə olarkən KİV vasitəsilə elə təbliğat aparıldı ki, vətəndaşlar onların pulunu götürərək ölkədən qaçdığımı düşünsün. Nəticədə 3 vətəndaşın məndən şikayət etməsi işi  təşkil olundu. Çox gülməli olsa da, şikayətçilərdən biri ABŞ səfirliyinə ödədiyi 160 ABŞ dolları məbləği məndən tələb edirdi, digəri Böyük Britaniya səfirliyinə ödənilən vəsaiti, üçüncüsü isə başqasına verilən məbləği. Bu üç “şikayətçinin” ərizələrini əsas gətirən DİN BMCMİ-nin müstəntiqi mənim həbs müddətimi daha 8 ay artırdı. Nəticədə mənim bütün biznesim məhv oldu, tərəfdaşlarımla işlərim pozuldu və 153 min manat borcum yarandı. Nəhayət 2019-cu ilin mart ayında sizin tövsiyyənizlə mən azadlığa çıxdım. 35 nəfərə olan borcun 107 min manat hissəsini tərəfdaşlarımdan alaraq vətəndaşların özlərinə qaytardım. Bu prosesin bir neçə aya başa çatacağını planlamışdım ki,  qondarma ittihamlarla Respublika Prokrorluğunun istintaq  idarəsi tərəfindən həbs olundum. Mənə qarşı 9 epizod üzrə ittiham irəli sürülüb, hamısı da 2018-ci ilə qədərki dövrü əhatə edir.  Yenə də  eyni ssenari ilə hərəkət edilir. Həftəsonu həbs, mətbuatda bitərəfli yalan məlumat və siyasi rəng qatmaq cəhdi. Görünən odur ki, kimlərsə məni məhv etməyi qarşısına məqsəd qoyub.

Möhtərəm prezident!

Bu günədək kimsə dövlətə nəyisə yalan dediyimin şahidi olmayıb. Bütün istintaq və məhkəmələrim zamanı dövlətimə olan hörmətim və dürüstlüyümü hər kəs görüb. Bu həm də Sizə olan ehtiramımın göstəricisidir. Lakin məndən fərqli olaraq istintaq Sizə və cəmiyyətə yalan məlumatlar çatdırmaqla dövlətin imicinə xələl gətirir. Hər zaman düşünürdüm ki, nə qədər yalan olsa belə Sizə doğrunu deyərlər. Lakin indi gördüm ki, Sizi belə aldatmaqdan çəkinməyən qüvvələr var. Beşinci kalon növbəti həyasızlığını edir. Eyni ssenari, həmin metod və keçmiş hiylə ilə...

Möhtərəm prezident!

İndi də irəli sürüən ittihama görə guya 2014, 2016 və 2017-ci il tarixlərində bir nəfərdən saxta sənədlər alaraq vətəndaşlara vermişəm. Bununla da həmin vətəndaşlar viza alaraq Avropaya gedərək gəliblər. Viza görüşünə gedən vətəndaşlara "saxta iş arayışı verməyim" iddiası il AR Cinayət Məcəlləsinin 12  maddəsi ilə ittiham irəli sürülüb. Heç bir fakt, şikayətçi, sübut olmadan istintaq  prosessual hərəkətləri həyata keçirmədən 09 iyul 2021-ci il tarixində məni istintaqa çağıraraq bir günün içində ifadəmi aldı və Binəqədi rayon Məhkəməsinin gecə saat 23:30-da verdiyi qərarı ilə 28 sentyabr tarixinədək həbs olundum. Köhnə metod ilə- 5-ci gün gecə ilə həbs olundum və barəmdə mətbuata yalan məlumatlar yayıldı. Bu azmış kimi işimlə kim maraqlanırsa, “Ramin Hacılının Əli Kərimli ilə əlaqəsi var deyə iş prezidentin nəzarətindədir” cavabını verirlər. Bu isə ağ yalandır və Sizin adınızdan istifadə edərək öz məkrli planlarını reallaşdırmaq cəhdidir.  Nə itiham aktında, nə reallıqda belə bir şey yoxdur. Əksinə, mənə qarşı Əli Kərimli və onun tərəfdarlarının qərəzli münasibəti ilə bağlı  dəfələrlə mübahisəm olub.  Bu iyrənc yalanı belə deməkdən çəkinməyən istintaq dövlət adından istifadə edərək məni şantaj edir. “Səni həbs etmişik ki, dediklərimizi imzalayasan, yoxsa azadlığa çıxa bilməyəcəksən” deyir mənə müstəntiq. Bunlar anlamır ki, dövlət vətəndaşından alçaqlıq etməyi tələb edə bilməz. Bunlar dərk etmir ki, dövləti öz oyunlarına alət etməklə Sizin və qazanılan zəfərin üzərinə kölgə salır.

Möhtərəm prezident!

Sizdən xahiş edirəm, 2017-ci ilin yanvar ayında DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən mənə qarşı başladılan və Nəsimi rayon Məhkəmsində çıxarılan 04 oktyabr 2017-ci il tarixli hökmün qanunauyğunluğunun araşdırılması, 04 iyun 2018-ci il tarixli həbsimin təfərrüatlarını,  2018-ci ilin iyun ayında  DİN BMCMİ tərəfindən növbəti dəfə barəmdə başladılan cinayət işinin və 15 sentyabr 2020-ci ildən 2021-ci ilin iyun ayınadək aparılan məhkəmə istintaqının hərtərəfli araşdırılması üçün müvafiq göstəriş verməyinizi və mənə qarşı qərəzli münasibətin şahidi olmanızı istərdim.

Möhtərəm prezident!

Barəmdə bu günədək aparılan ibtidai istintaq və məhkəmə istintaqları zamanı, o cümlədən hazırda mənə qarşı irəli sürülən ittihamlar üzrə ədalətli münasibətin olduğu ortaya çıxarsa, intihar etməyə  hazıram. Bütün qanunlar haqq və hüquqlar qorunmadan etdiyim əməl  və ya əməllər qanunvericiliyə uyğun tövsif edilmədən, qərəzli, qeyri-obyektiv münasibətlə üzləşmişəm və üzləşməkdəyəm. Bütün bunlar baş verərkən susmağımın səbəbi dövlətin adını uca tutduğumdan olub. Lakin  görünən odur ki , dövlət adından qərar verən şəxslər öz şəxsi maraqlarını dövlətçilik prinsipindən üstün tuturlar. Siz öz çıxışlarınızda bunu dəfələrlə dilə gətirmisiniz.
 
Mənə qarşı çıxarılan qərarın dəyişdirilməsi barəmdə başladılmış cinayət işinə xitam verilməsini və azadlığa çıxmağım üçün göstəriş verməyinizi  xahiş edirəm.

Dərin hörmətlə Ramin Hacılı".