logo

Əfqanıstan prezidenti xalqdan onu bağışlamasını xahiş edib

20:48 08-09-2021 | icon 3626
Əfqanıstan prezidenti xalqdan onu bağışlamasını xahiş edib

Əfqanıstanın sabiq prezidenti Əşrəf Qani ölkəni tərk etdiyinə və “Taliban” hərəkatının hakimiyyəti ələ keçirməsi ilə bağlı vəziyyətin gedişini dəyişdirə bilmədiyinə görə əfqan xalqından onu bağışlamasını xahiş edib.

 YeniAvropa xəbər verir ki, hazırda Birləşmiş Ərəb Əmirliklərində olan Əşrəf Qani bu fikri çərşənbə günü "Tolo News" telekanalında yayımlanan videomüraciətində səsləndirib.

Baş verənlərə görə öz xalqından üzr istəyən sabiq prezident deyib: “Mənim əfqan xalqına bağlılığım sarsılmazdır və bu, məni həyatımın sonunadək istiqamətləndirəcək”. O, həmçinin vurğulayıb ki, Kabili tərk etmək onun həyatında ən mürəkkəb qərar olub. Lakin belə hesab edib ki, qan axıdılmasından yalnız bu yolla qaçmaq olar. “Mən qərara gəldim ki, bu, silahdan istifadə olunmasının qarşısını almağın, Kabili və onun 6 milyon sakinini xilas etməyin yeganə yoludur”, - deyə sabiq prezident bildirib.

Əşrəf Qani özü ilə əfqan xalqına məxsus olan milyonlarla dollar apardığına dair informasiyaları bir daha təkzib edib, bu ittihamları yalan adlandırıb. O, sakinləri prezidentin onları satması, ölkədən öz maliyyə maraqları və həyatını xilas etmək naminə qaçması barədə söhbətlərə inanmamağa çağırıb.