Oktyabr ayında türk iş adamlarının Azərbaycana ixrac missiyası təşkil olunacaq.
YeniAvropa xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu(AZPROMO) ilə Türkiyə İxracatçılar Məclisi(TİM) arasında keçirilən görüşdə razılıq əldə olunub.
Fondda keçirilən görüşdə TİM-in baş katibinin müavini Yiğit Tufan Eser təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib, eləcə də iki qurum arasında əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə AZPROMO-nun İxracın təşviqi departamentinin direktoru Tural Hacılı ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi məqsədi ilə AZPROMO tərəfindən görülən işlər və həyata keçirdiyi tədbirlər barədə danışıb, ixracın dəstəklənməsi istiqamətində qurumun fəaliyyəti haqqında məlumat verib.
Tədbirdə Azərbaycanda və Türkiyədə biznesin inkişafı üçün həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb, həmçinin cari ilin oktyabr ayında təşkil olunması nəzərdə tutulan türk iş adamlarının Azərbaycana ixrac missiyası çərçivəsində müxtəlif sahələrdə görüşlərin keçirilməsi təklifləri müzakirə olunub.