logo

Göygölda saxta "COVİD-19" pasportu satan tibb bacısına cinayət işi açılıb

12:22 07-09-2021 | icon 1757
Göygölda saxta "COVİD-19" pasportu satan tibb bacısına cinayət işi açılıb

Göygöl rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində bəzi şəxslərə COVID-19 əleyhinə vaksinasiya edilmələri ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Göygöl rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla həmin tibb mərkəzinin böyük tibb bacısı Ülviyyə Quliyevanın xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən istifadə edərək bir neçə şəxsin COVID-19 əleyhinə peyvənd olunmadığı halda onların I və II doza vaksin olunmalarına dair tibbi sənədlər tərtib edərək həmin məlumatları elektron məlumat bazasına yerləşdirməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.