logo

Qeyri-sabit hava şəraiti sabah gündüz saatlarınadək davam edəcək

12:09 07-09-2021 | icon 1862
Qeyri-sabit hava şəraiti sabah gündüz saatlarınadək davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 7-si saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində axşam saatlarından başlayaraq şimal-qərb küləyi güclənib, bəzi yerlərdə yağış yağıb, Lənkəran-Astara zonasında leysan xarakterli intensiv olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, düşən yağışın miqdarı Lənkəranda 30, Qubada 14, Qusarda 13, Astarada 12, Lerikdə 6, Balakən, Yardımlıda 3, Göytəpədə 2, Şəki, Zaqatala, Kişçay (Şəki), Şabran, Altıağac, İsmayıllı, Xaltan, Qrızda 1 millimetr olub.

Şimal-qərb küləyi əsəcək, arabir Biləsuvar, Neftçalada 20, Şirvan, Şabran, Xaçmazda 16, Maştağada 25, Pirallahı, Çilov adası, Neft Daşlarında 20, Sumqayıtda 18 metr/saniyəyədək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.5 metrə çatıb.

Sentyabrın 6-da Bakıda havanın temperaturu iqlim normasını 1.6° ötüb. Belə ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30°-dək, aran rayonlarında 33°-dək, dağlıq rayonlarda 22°-dək, Naxçıvan Muxtar Respublikasında 33°-dək isti olub.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 8-i gündüz saatlarınadək davam edəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə saatlarında Böyük Qafqazın və Lənkəran-Astara zonasının bəzi yerlərində intensiv və güclü olacağı proqnozlaşdırılır. Sentyabrın 8-də axşama doğru yağıntılar tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi sentyabrın 8-i səhər saatlarından tədricən mülayimləşəcək.