Ağstafa rayonunun Tatlı kənd bələdiyyəsində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.
Ağstafa rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, istintaqla Tatlı bələdiyyəsinin sabiq sədri Qənbər İsmayılovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə vəzifə səlahiyyətlərindən istifadə edərək 2017-ci ildə ayrı-ayrı şəxslərə hər biri 0,12 hektar olmaqla torpaq sahəsi sataraq onları 2006-cı il tarixinə sənədləşdirdiyi müəyyən olunub.
Qənbər İsmayılov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.