Gədəbəy rayonunun Novoivanovka kənd sakini Səkinə Həsənovanın tövlədə boğazından kəndirlə taxtaya bağlanmış vəziyyətdə saxlanılması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
Rayon prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, istintaqla mayın 31-də Gədəbəy rayon sakini 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyevin təxminən 20 ildir himayəsində yaşayan ruhi xəstə olan bibisi qızı 1934-cü il təvəllüdlü Səkinə Həsənovanı evinin həyətində yerləşən tövlədə mütəmadi olaraq döyməklə, güclü ağrı və psixi iztirablar verdiyi, boğazından iplə taxtaya bağlayaraq qanunsuz azadlıqdan məhrum etdiyi müəyyən olunub.
Bundan başqa o, Səkinə Həsənovaya məxsus pensiya kartına 2018-ci ilin oktyabrından 2021-ci il mayın 31-dək mədaxil olunmuş ümumilikdə 7056 manat məbləğində pulu mənimsəyib öz ehtiyaclarına xərcləməklə israf edib.
Qəzənfər Hacıyev Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə - təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) və 179.2.4-cü (mənimsəmə və ya israf etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilib.