logo

“Zəfər Yolu”nun inşası tamamlanmaq üzrədir

09:59 03-09-2021 | icon 3129
“Zəfər Yolu”nun inşası tamamlanmaq üzrədir

Tikintisinə 10 ay əvvəl başlanılmış “Zəfər Yolu”nun sentyabr ayı ərzində 2 hərəkət zolaqlı olmaqla asfaltlanmasının yekunlaşdırılması planlaşdırılır.

YeniAvropa xəbər verir ki, işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən “Zəfər yolu” Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir.

Ötən il noyabr ayının 16-da təməli qoyulan və uzunluğu 101 kilometr təşkil edən “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-ci texniki dərəcəyə uyğun inşa edilir. 

Hazırda yol boyu son tamamlanma işləri icra edilir.

Son mərhələ üzrə yolda asfaltlanma işləri aparılır ki, artıq 31 kilometrlik hissədə 2 lay, 61 kilometrlik hissədə isə 1 lay olmaqla ümumilikdə 92 kilometrlik hissə asfaltlanıb. Digər hissələrdə bu çərçivədə işlər davam etdirilir.

Yol boyunca layihəyə uyğun 4 yeni avtomobil körpüsünün inşası yekunlaşdırılıb.

İşin həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “16 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC, “7 N-li Magistral Yolların İstismarı” MMC, “23 N-li Yol İstismarı” MMC və “43 N-li Yol İstismarı” MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin “KOLİN” İnşaat Turizm San. və Tic. Anonim Şirkəti, həmçinin “Azvirt” MMC və “Körpü Bina Tikinti” MMC birgə icra edir.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.