Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkarlanması faktı ilə bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Səbail Rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, aparılmış istintaq hərəkətləri və keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə şəhər sakini 1975-ci il təvəllüdlü Ruslan Alyoşkinin avqustun 30-u saat 01 radələrində Səbail rayonunda, Elçin Əzizov küçəsindəki mənzildə tanışları Marat Həmidov və Eldar Qurbanov ilə birlikdə spirtli içki qəbul etdikdən sonra Eldar Qurbanovla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı onun baş nahiyəsinə yumruq və təpiklə çoxsaylı zərbələr vuraraq qəsdən öldürdüyü müəyyənləşdirilib.
Ruslan Alyoşkin şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq davam edir.