logo

Əli Həsənovun və oğlunun əleyhinə istintaqda xeyli ifadələr toplanıb

09:59 01-09-2021 | icon 3346
Əli Həsənovun və oğlunun əleyhinə istintaqda xeyli ifadələr toplanıb

Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətində 20 milyon manata yaxın yeyinti ilə bağlı cinayət işində prezidentin sabiq köməkçisi Əli Həsənov və ailə üzvlərinin də adı hallanır.

YeniAvropa xəbər verir ki, iş materiallarında xüsusən Həsənov və oğlunun əleyhinə xeyli ifadələr var.Təsadüfi deyil ki, məhkəmə prosesi başlayan kimi Əli Həsənovun oğlu Şamxal Həsənov və baldızı Gülər Vəliyevanın məhkəmədə dindirilməsi məsələsi qaldırıldı.

Bu cinayət işi üzrə Fondun sabiq icraçı direktoru Vüqar Səfərli və daha 10 nəfər təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb. Onların arasında Bibiheybət qəsəbəsində jurnalistlər üçün binaları inşa etmiş "Portos" MMC-nin rəhbəri, direktoru, həmin binaların keçmiş komendantı, Fondun mühasibi, Bakıdakı bir sıra şadlıq saraylarının icarədarı və inzibatçısı da var. Təqsirləndirilən 11 nəfərdən yalnız ikisi – Vüqar Səfərli və "Portos"un direktoru Nadir Məmmədov həbsdədir.

İstintaqın gəldiyi qənaətə görə jurnalistlər üçün evlərin tikintisi, Fondun keçirdiyi bayram tədbirləri, mükafatlandırma mərasimləri zamanı işin həcmi, qiymətlər şişirdilib. Fondun həyata keçirdiyi bir sıra layihələrin icrası üçün tender yolu ilə şirkətlər seçilməli olduğu halda, qanunvericiliyin bu tələbinə əməl olunmayıb. Tenderlər formal xarakter daşıyıb, jurnalistlər üçün binaların inşasında tikinti normalarına əməl edilməyib.


2014-2020-ci illərdə Fondun aparıcı məsləhətçisi, həmçinin Tender Komissiyasının üzvü olmuş Samir Mustafayev istintaqda-Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirilərkən deyib ki, maliyyə məsələlərinə Vüqar Səfərli və baş mühasib Təhminə Yaqubova baxırdı. Amma əsas nəzarəti Əli Həsənov həyata keçirirdi. Onun sözlərinə görə, tender keçirilmirdi, layihələrin hansı şirkətə həvalə olunacağını prezidentin köməkçisi şəxsən özü müəyyənləşdirirdi. Onun qərarından sonra formal şəkildə Tender Komissiyasının üzvləri həmin şirkətin qalib olması barədə sənədləri imzalayırdı.

Mustafayev vurğulayıb ki, jurnalist binalarının tikintisini həyata keçirmiş "Portos" MMC də prezidentin keçmiş köməkçisinə yaxın şirkətdir:"Əli Həsənovun göstərişi ilə binaların tikintisi "Portos"a tapşırılmışdı".

İddia olunur ki, Əli Həsənovun oğluna əlavə gəlir vermək məqsədilə Mətbuat prospekti-23L ünvanında yerləşən altımərtəbəli binada ofis götürüb. Bu binanın mülkiyyətçisi Şamxal Həsənovdur. KİV-ə Dövlət Dəstəyi Fondu ilə yanaşı, Beynəlxalq Mətbuat Mərkəzi, "Kaspi" qəzetinin redaksiyası, "Azərmətbuatyayım" ASC, "Kaspi Az" MMC və s. qurumlar da bu binada yerləşir.

Cinayət işinin materiallarında yazılıb ki, o ərazidə ofis kirayələmək üçün 1 kvadratmetrə görə 12 manat nəzərdə tutulub. Amma Fond icarə müqaviləsini hər kvadratmetrə görə 18 manatdan bağlayıb. "Azərmətbuatyayım" və "Kaspi.az"ın Səfərliyə yaxın olduğu vurğulanır. Bu üç ofisə görə hər ay 21 min 834 manat icarə haqqı ödənilib.



Bundan əlavə, Prezident yanında Bilik Fondu 2019-cu ildə ləğv edilsə də, Fond üçün həmin binadan götürülən 419 kvadratmetrlik ofisə görə bundan sonra da 8 ay icarə haqqı ödənilib.

Təqsirləndirilən şəxslər məhkəmədə ittihama münasibət bildirərkən deyiblər ki, özlərini təqsirli saymırlar. Onlar ittihamda yazılanları qəbul etmirlər. Növbəti məhkəmə iclasında dindirmələr başlayacaq. Bu cinayət işi üzrə istintaq davam etdiyi dövrdə Həsənovun da məsuliyyətə cəlb olunacağı haqda məlumatlar yayılmışdı. İddia olunurdu ki, prokurorluq Türkiyədə onun müalicə aldığı xəstəxana ilə əlaqə saxlayıb, Həsənovun sağlıq durumunun təyyarəyə minməsinə imkan vermədiyi bildirilib.

Prezident Adminstrasiyasının eks şöbə müdiri Əli Həsənov haqqında yayılan məlumatları təkzib etmişdi.
"Məlumat verirəm ki, mövcud cinayət işi ilə bağlı prokurorluq orqanlarının təqsirləndirilən şəxs kimi, mənimlə maraqlanmaları və hansısa axtarış tədbirləri həyata keçirmələri haqqımda yayılan məlumatların heç bir əsası yoxdur. Mən hazırda Türkiyədə müalicədəyəm və yəqin ki, hər şey yaxşı keçsə, 10-15 günə Azərbaycana qayıdacağam", – Həsənov 2020-ci ilin sentyabrında belə açıqlama yaymışdı. 

Xatırladaq ki, bir neçə gün əvvəl Əli Həsənov naməlum şəxslərin onu “tualetdə çəkilmiş intim görüntülərlə” şantaj etdiyi haqda bəyanat yaymışdı./"Azadlıq" radiosu