Estoniya parlamentinin deputatları mili muzeyin direktoru Alar Karisi ölkə prezidenti seçiblər.
YeniAvropa Estoniya KİV-lərinə istinadla xəbər verir ki, qanunverici orqanın mətbuat xidmətinin məlumatına əsasən, Karis seçkilərin ikinci turunda yeganə namizəd olub. Onun namizədliyini səsvermədə iştirak edən 80 deputatdan 72-si dəstəkləyib. Seçilmək üçün 68 səs lazım gəlirdi. Birinci turda qələbə qazanmaq üçün Karisin beş səsi çatmamışdı.
Alar Karis 1958-ci il martın 26-da Tartuda doğulub. 1981-ci ildə Estoniya Kənd Təsərrüfatı Akademiyasının baytarlıq fakültəsini bitirib. Daha sonra Almaniya, Böyük Britaniya və Niderlandın bir neçə universitetində təhsil alıb. 1999-cu ildən Tartu Universitetinin professorudur. 2007-2012-ci illərdə həmin universitetin rektoru olan Karis 2017-ci ildə Estoniya Milli Muzeyinin direktoru seçilib.
Estoniyada dövlət başçısının səlahiyyət müddəti beş ildir.