logo

Kür çayının məcrasında qanunsuz qum-çınqıl istehsal edənlərdən 2 il sonra xəbər tutuldu?

12:52 31-08-2021 | icon 1561
Kür çayının məcrasında qanunsuz qum-çınqıl istehsal edənlərdən 2 il sonra xəbər tutuldu?

Kür çayının məcrasının sahilində qanunsuz qazıntı işlərinin aparılması haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan məlumatlar üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində yoxlama aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə yolu ilə Kür çayının məcrasının sahilində oyuqların əmələ gəlməsinə səbəb olmuş “Mingəçevir” yatağında qum-çınqıl istehsalı məqsədilə 5 il müddətinə ayrılmış 10 hektar sahədən kənarda iki il ərzində qanunsuz olaraq 1 milyon 275 min manat dəyərində qum-çınqıl hasilatı aparılmaqla qurğuların istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulduğu müəyyən olunub.

Bundan başqa, digər şəxs tərəfindən qum-çınqıl istehsalı məqsədilə ayrılmış sahədən kənarda üç il ərzində qanunsuz olaraq 744 min manat dəyərində qum-çınqıl hasilatı aparılması yolu ilə ağır nəticəyə səbəb olmuş qurğuların istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydaları pozulub.

Fakta görə Cinayət Məcəlləsinin 255.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. İstintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Hazırda iş üzrə ibtidai istintaq aparılır.