logo

Bakıda "COVİD-19" pasportu satan şəxslər yaxalandı

11:33 31-08-2021 | icon 1526
Bakıda "COVİD-19" pasportu satan şəxslər yaxalandı

Daxil olmuş məlumatlar və keçirilən yoxlamalar nəticəsində bəzi şəxslərin ölkəmizdə koronovirus pandemiyası əleyhinə aparılan vaksinasiya prosesinə qanunsuz yollarla müdaxilə edərək pul müqabilində ayrı-ayrı vətəndaşlara dair məlumatları “e-tebib” elektron qeydiyyat sisteminə yerləşdirmələri və bununla da guya peyvənd olunmaları ilə bağlı onlara saxta COVID-19 pasportu satmaları müəyyən olunub.

Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin  YeniAvropa-ya daxil olan birgə məlumatında bildirilib ki, Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avqustun 30-da keçirilən tədbirlərlə saxta COVID-19 pasportu satmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Fikrət Şıxıyev, Eldar Mirzəyev və Şirin Şirəliyev saxlanılıblar.

İlkin dindirmə zamanı onlar hər birindən 225 manat almaqla 40 nəfərə belə saxta sənəd satdıqlarını etiraf ediblər. F.Şıxıyevə məxsus “Mercedes” markalı avtomobilə baxış keçirilərkən bir vətəndaşa məxsus vaksinasiyanın hər iki dozası qeyd olunmuş COVID-19 pasportu, 30 nəfərə aid üzərilərində mobil nömrələri yazılmış şəxsiyyət vəsiqələrinin surətləri və bank kartları aşkarlanaraq götürülüb.

Hazırda faktla bağlı rayon polis idarəsinin və rayon prokurorluğunun əməkdaşları tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.