logo

Saxta sənəd satan daha bir vəzifəli şəxsə cinayət işi açıldı

15:30 30-08-2021 | icon 1925
Saxta sənəd satan daha bir vəzifəli şəxsə cinayət işi açıldı

Azərbaycanda saxta sənəd alveri edən daha bir vəzifəli şəxsə cinayət işi açılıb. 

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətlərinin yaydığı birgə məlumatda deyilir. 

Məlumatda bildirilir: "Karantin rejiminin pozulması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyindən Baş Prokurorluğa daxil olan məlumat əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Araşdırma zamanı müəyyən edilib ki, ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sərbəst hərəkət etməyə məhdudiyyət qoyulduğu dövrdə vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçən Bayramov Şahid Şahin oğlu vəzifəli şəxs kimi öz səlahiyyətlərindən sui-istifadə edərək 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar ayları ərzində Bakı şəhəri və onun ətraf rayonları ərazisində sərbəst hərəkət etmələrini təmin etmək məqsədilə 90 nəfərdən artıq şəxsin şəxsi məlumatlarını Dövlət Əmək Müfəttişliyinin “Əmək Müqaviləsi Bildirişi” altsisteminə daxil edib, bununla da karantin rejimini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaradıb, nəticədə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub.

Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddələri ilə cinayət işi başlanıb, istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib.

Hazırda iş üzrə ibtidai istintaq aparılır".