Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Qəbələ rayonunun Solquca kəndi yaxınlığında yanğının baş verdiyi mürəkkəb relyefli dağlıq ərazidə olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, nazir helikopterlə əraziyə baxış keçirib, yanğının qarşısının alınması üçün görülən işlərlə tanış olub. Yanğının söndürülməsi istiqamətində görülən tədbirlər barədə K.Heydərova məlumat verilib.
Nazir daha sonra rayonun Abrıx kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə də yanğının söndürülməsi işləri ilə tanış olub. K.Heydərov yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.
FHN-in qüvvələri həmin ərazidə yanğınla mübarizə tədbirlərini davam etdirir.