Şair və publisist, Azərbaycanın əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə sabah şairlərlə birgə Şuşaya getməyəcək.
YeniAvropa xəbər verir ki, bu barədə şair özünün "Facebook" səhifəsində qeyd edib.
O, bildirib ki, adı əvvəlcə yazıçı Anar tərəfindən Şuşaya gedənlər siyahısına salınsa da, sonradan həmin siyahıdan çıxarılıb:
"Sabah Şuşaya şairlərlə mən də gedəcəkdim. Ən böyük arzum və haqqım idi. Adımı Anar siyahıya yazmışdı. Məni çağırmadılar amma...
Şuşa davası eləmirəm, nə xoş ki, Şuşa bizimdir. Sadəcə bir neçə dəfə belə hadisə olub. Deyirlər ki, guya adımı Fonddan pozublar. Sonra isə Administrasiyadan pozduqlarını deyirlər. Nə bilim, kim pozub? 60 yaşını adlamış bir ziyalı, Əməkdar Mədəniyyət işçisi kimi, tanınmış şair kimi niyə mənim adım mədəniyyət, ədəbiyyat siyahısından pozulmalıdır? Ev, fəxri ad siyahısından pozdular, yaxşı elədilər. Bəs Şuşaya nə söz? Mən sizə nə pislik eləmişəm?!
Ancaq vətənimə, dövlətimə, xalqıma şeir yazmışam, ayrı nə etmişəm? Niyə hakimiyyətə qarşı adamın inamını sındırırsınız? Niyə adamı məhv edirsiniz?"
Qeyd edək ki, sabahkı Şuşa səfərinə prezident İlham Əliyevin də qatılacağı gözlənilir.