Prezidentin sabiq köməkçisi Əli Həsənov qızı Səfiyə Mehbalıyevanın (Həsənova) Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı işindən azad edildiyi haqda ötən gün yayılmış xəbərlərə münasibət bildirib.
YeniAvropa xəbər verir ki, keçmiş köməkçi məlumatı qeyri-dəqiq adlandırıb. Qızının indi yox, daha əvvəl öz ərizəsi ilə işdən çıxdığını bildirib. Qeyd edib ki, qızının işdən çıxmasının səbəbi təhsil almaq üçün Londona getməsi ilə əlaqəlidir.
“Mən hələ Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri olarkən qızım Səfiyə xaricdə təhsil almaq məqsədilə öz ərizəsi ilə işdən azad olunub və Londonda təhsil alır. Sadəcə olaraq akademiyanın saytı yenilənməyib deyə, onun adı indi götürülüb. Saytda onun indi işdən çıxarılmasının göstərilməsi texniki xətadır”,-deyə prezidentin sabiq köməkçisi "Bakupost.az"a bildirib.
Qeyd edək ki, Əli Həsənovun qızı Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevin oğlu-Qaradağ rayon Polis İdarəsinin keçmiş rəisi, polkovnik İsfəndiyar Mehbalıyevin həyat yoldaşıdır.
Xatırladaq ki, iyunun 9-da, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki İsfəndiyar Mehbalıyev öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib.