logo

Ötən gün COVID-19 pasportu olmayan 16 nəfər toya buraxılmayıb

15:30 25-08-2021 | icon 2002
Ötən gün COVID-19 pasportu olmayan 16 nəfər toya buraxılmayıb

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri avqustun 24-də Bakıda və respublikanın digər ərazilərində 6 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, monitorinqlər 5 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. COVID-19 pasportu olmadığına görə 16 nəfər toy şənliklərinə buraxılmayıb.