logo

ABŞ-ın Marşal İnstitutu Azərbaycana 10 minaaxtaran it göndərib

17:45 24-08-2021 | icon 1834
ABŞ-ın Marşal İnstitutu Azərbaycana 10 minaaxtaran it göndərib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) uzun illərdən bəri tərəfdaşı olan ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən 2023-cü ilin iyulunadək Azərbaycana 30 minaaxtaran itin təhvil verilməsi planlaşdırılır.

ANAMA-nın mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, xüsusi təlim keçmiş 10 it Agentliyə avqustun 23-də “Silk Way West Airlines” şirkəti tərəfindən təmənnasız olaraq çatdırılıb.

Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimorun Azərbaycana səfəri çərçivəsində ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanovla Anlaşma Memorandumu və müqavilə imzalayacağı gözlənilir. İmzalanma mərasiminin avqustun 26-da Bakıda keçirilməsi nəzərdə tutulur. Həmçinin ANAMA-nın Füzuli rayonundakı minaaxtaran itlərin təlim mərkəzini ziyarəti məqsədilə Marşal İrsi İnstitutu nümayəndələrinin işğaldan azad edilən ərazilərə birgünlük işgüzar səfəri planlaşdırılır.

Əsas məqsəd mina və partlamamış hərbi sursatla çox çirklənmənin müşahidə edildiyi Qarabağı görmək, təmizləmə əməliyyatlarının gedişatı ilə tanış olmaqdır.

Otuz minaaxtaran itdən 18-nin ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən donorlar hesabına maliyyələşməsi həyata keçiriləcək. Marşal İrsi İnstitutunun mütəxəssisi də Azərbaycanda 10 iti müşayiət etməkdədir. Səfər bir neçə günlük nəzərdə tutulub və əsas məqsəd uçuş zamanı itlərin narahatlığının azalmasını təmin etmək, habelə Azərbaycana gəldikdə iqlimə və yeni bələdçilərlə uyğunlaşma prosesinə töhfə verməkdir. Xatırladaq ki, hər iqlim dəyişməsi dördayaqlı minaaxtaranlar üçün ciddi sınaqdır.

ANAMA ilə ABŞ-ın Marşal İrsi İnstitutu arasında faydalı əməkdaşlıq əlaqələri 2005-ci ildən başlayıb və davam etməkdədir. Bu günədək ABŞ Dövlət Departamentinin və fərdi donorların dəstəyi ilə Marşal İrsi İnstitutu tərəfindən Azərbaycanın minatəmizləmə proqramına 36 mina axtaran və 4 partlayıcı axtaran it hədiyyə edilib. Həmin itlər Agentlikdə təlim və akkreditasiyadan keçirilərək təyinatı üzrə əməliyyatlara qoşulub. İtlər müvafiq akkreditasiya və hazırlıq mərhələlərini keçdikcə işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatların təmizlənməsi əməliyyatlarına cəlb olunur.