logo

Şeyxülislam Allahşükür Paşazadənin Çeçenistana səfəri başa çatıb

15:55 24-08-2021 | icon 1904
Şeyxülislam Allahşükür Paşazadənin Çeçenistana səfəri başa çatıb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin Çeçenistana səfəri başa çatıb.Avqustun 23-də QMİ sədri Qroznı şəhərində keçirilən bir sıra tədbirlərdə iştirak edib.

İdarənin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, şeyxülislam Allahşükür Paşazadə Çeçenistan imamı Şeyx Mansur adına məscidin açılış mərasimində iştirak edib. Çeçenistan Respublikasının Başçısı Ramzan Kadırovun iştirakı ilə keçirilən mərasimdən sonra QMİ sədri R.Kadırovla birlikdə camaat namazı qılıb.

Açılış mərasimindən sonra Çeçenistanın Başçısı şeyxülislam Allahşükür Paşazadəni və Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri – Rusiya Federasiyası Şimali Qafqaz regionunun müftilərini öz iqamətgahında qəbul edib. Səmimi şəraitdə keçən görüşdə Ramzan Kadırov şeyxülislam Allahşükür Paşazadənin bütün Qafqazın dini lideri və ağsaqqalı olduğunu vurğulayıb. Çeçenistanın Başçısı qonaqlara yubiley tədbirlərində əyani iştirak etdiklərinə görə təşəkkür edib.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Zəfər, 30 illik işğal zamanı Ermənistan tərəfindən əzəli Azərbaycan torpaqlarında törədilmiş misli görülməmiş vəhşiliklər, barbarca dağıdılmış yaşayış məntəqələri, yerlə bir edilmiş, vandalizmə məruz qalmış məscidlər, ziyarətgahlar, kilsələr və digər ibadət yerləri, eləcə də azad edilmiş torpaqlarımızda hazırda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə geniş məlumat verib.

QMİ sədri Çeçenistan Respublikasının Başçısına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salam-dualarını çatdırıb.

Öz növbəsində, Ramzan Kadırov QMİ sədrindən Prezident İlham Əliyevə öz ehtiramını və qardaş salamlarını, bütün işlərində uğur diləklərini çatdırmağı xahiş edib.

XXX

Çeçenistana səfər çərçivəsində avqustun 23-də şeyxülislam Allahşükür Paşazadə sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri - Şimali Qafqaz regionunun müftiləri ilə Şuranın iclasını keçirib. QMİ sədri əvvəllər belə görüşlərin mütəmadi, lakin son dövr ərzində pandemiya səbəbindən məcburən virtual formatda həyata keçdiyini qeyd edərək hazırkı görüşün Azərbaycanın Vətən müharibəsində Zəfər çalmasından sonra ilk görüş olduğunu, buna görə xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.

Şimali Qafqaz müftiləri çıxışlarında qardaş Azərbaycan xalqına və onun müdrik lideri İlham Əliyevə öz dərin ehtiramlarını bildiriblər. İclas iştirakçıları qeyd ediblər ki, Vətən müharibəsi əsnasında onlar Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə seviniblər və dualar ediblər, ibadətlərində şəhid düşən Azərbaycan oğullarının ruhlarına Allah-Təaladan rəhmət, qazilərimizə şəfa diləyiblər.

Şura üzvləri QMİ sədrindən Prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına öz səmimi salamlarını və yeni-yeni uğurlar diləklərini çatdırmağı xahiş ediblər. Şimali Qafqaz müftiləri, həmçinin şeyxülislam Allahşükür Paşazadədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya doğum günü münasibətilə səmimi təbriklərini və xoş arzularını çatdırmasını xahiş ediblər.

Şura üzvləri yaxın zamanda Azərbaycanı ziyarət edərək Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təbriklərini əyani olaraq çatdırmaq arzusunda olduqlarını vurğulayıblar.

İclasda Qafqaz Xalqları Ali Dini Şurasının yaxın gələcək üçün fəaliyyət planı müzakirə edilib. Qafqaz xalqları arasında, o cümlədən, Azərbaycan xalqı ilə qardaşlıq münasibətlərinin qiymətli tarixi irs olduğu vurğulanıb, bu əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsinin vacibliyi qeyd edilib. Pandemiya səbəbindən həyata keçirilməsi təxirə salınmış birgə planlarla bağlı hazırkı vəziyyət müzakirə edilib və Şuranın növbəti iclasının Bakı şəhərində keçirilməsi qərarlaşdırılıb.

XXX

QMİ sədri Allahşükür Paşazadə Qroznı şəhərində Çeçenistan Respublikasının Birinci Prezidenti Əhməd Kadırovun anadan olmasının 70 illiyinə həsr olunmuş rəsmi tədbirdə iştirak edib. Tədbirdə Rusiya Federasiyası Çeçenistan Respublikasının Başçısı Ramzan Kadırov, Çeçenistanın dövlət, ictimai və dini xadimləri və Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri iştirak ediblər.

Tədbirdə şeyxülislam Allahşükür Paşazadə fəxri qonaq qismində çıxış edib. Ramzan Kadırova və bütün Çeçen xalqına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdıran QMİ sədri çıxışında Çeçenistan Respublikasının Birinci Prezidenti Əhməd Kadırovun əziz xatirəsini yad edərək onun Çeçenistanın intibahı naminə misilsiz töhfələrini, xalqının xoşbəxtliyi naminə canından keçərək şəhid olduğunu bildirib. QMİ sədri Azərbaycan Respublikası ilə Rusiya Federasiyası Çeçenistan Respublikası arasında qardaşlıq və sıx əməkdaşlıq əlaqələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının Başçısı Ramzan Kadırov tərəfindən uğurla inkişaf etdirildiyini qeyd edib.

Çıxışın sonunda Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanın rəhbərliyinə və Çeçen xalqına Allah-Təaladan yeni-yeni nailiyyətlər və müvəffəqiyyətlər arzulayıb.