ABŞ Konqresi prezident Co Baydenin impiçmenti haqda qətnamə layihəsini müzakirə edəcək
Qalmaqalları ilə məşhur olan xanım konqresmen Marcori Teylor Qrin ABŞ prezidenti Co Baydenə üç impiçment (o cümlədən Əfqanıstana görə) elan etməyi təklif edib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, Corciya ştatından olan respublikaçı xanım 10 min amerikalını “Taliban” hərəkatının tabeliyi altında qoyduğuna görə C.Baydenin hakimiyyətdən uzaqlaşdırılması barədə qətnamə layihəsini konqresin müzakirəsinə çıxarıb. O, həmçinin iddia edir ki, prezident immiqrasiya qanunvericiliyini pozaraq ABŞ-ın cənub sərhədində böhrana yol verib, kirayəçilərin çıxarılmasına moratoriumu uzatmaqla üzərinə ali məhkəmənin mövqeyinə zidd olan qanunverici səlahiyyətlər götürüb.
Xanım konqresmenin sözlərinə görə, C.Baydenin yeddi aydan da az prezidentliyi müddətində ABŞ bütün dünyada hörmətini itirib, sübutlar göz qabağındadır və ona impiçment elan etmək zəruridir.
Qeyd edək ki, hər iki palataya Co Baydenin Demokratlar partiyasından olan silahdaşları nəzarət etdiyindən qətnamə layihəsinin Konqresdə uğur qazanmaq şansı azdır.