ABŞ prezidenti Co Bayden xanımı Cill ilə birlikdə koronavirusa qarşı üçüncü vaksin dozasını vurdurmağa hazırlaşır.
YeniAvropa xəbər verir ki, bu barədə C.Bayden bu gün "ABC" telekanalına müsahibəsində deyib. “Biz (Bayden və həyat yoldaşı) buster peyvəndi olunmağa hazırlaşırıq, çünki dekabrda vaksinasiya edilmişik. Yəni bu, çoxdan olub. Bəli, biz buster peyvəndi vurduracağıq”, - deyə ABŞ prezidenti müsahibəsində bildirib.
Aparıcının “dünyada milyonlarla insana peyvəndin heç birinci dozası çatmadığı halda, amerikalıların üçüncü doza vaksin vurdurması normal görünürmü?” sualına C.Bayden müsbət cavab verib: “Tamamilə. Ona görə ki, biz dünyaya hər kəsdən çox vaksin çatdırırıq".
Prezidentin sözlərinə görə, ABŞ 2022-ci ilin ortalarına qədər digər ölkələrə 500 milyon doza peyvənd təqdim edəcək.
Bu ərəfədə Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 əleyhinə buster (üçüncü doza) vaksinlərinə ehtiyac görmədiyi barədə dair bəyanatla çıxış edib. Təşkilatın baş müşaviri Brüs Eylvard yüksək gəlir səviyyəsinə malik ölkələrdə tətbiq edilən təkrar vaksinasiyanı nəzərdə tutaraq, dünyada yetərincə peyvənd dozası olduğunu, lakin onun lazımi yerlərə lazımi qaydada paylanmadığını vurğulayıb. O, qeyd edib ki, busterlərin tətbiqindən öncə bütün dünyada əhalinin həssas təbəqəsi tam vaksinasiya olunmalıdır.