logo

“Azercell"in  növbəti qızıl mükafatı

19:29 19-08-2021 | icon 3129
“Azercell"in  növbəti qızıl mükafatı

“Azercell Telecom” MMC Əşyaların İnterneti (IoT) texnologiyaları əsasında az enerji tələbatlı sensorlar konsepsiyasının tətbiq olunması üzrə hazırlıq səviyyəsinə görə 18-ci Stevie Beynəlxalq Biznes Mükafatlarında “İlin ən innovativ şirkəti” nominasiyasında qızıl mükafata layiq görülüb.

 YeniAvropa xəbər verir ki,  “Azercell” bu konsepsiyanı Azərbaycanda həyata keçirən ilk şirkətdir. Mobil operatorlar bu tipli sensor və qurğuları dəstəkləmək üçün LTE şəbəkəsində “az enerji tələbatlı genişmiqyaslı şəbəkə” (NB-IoT – Narrow-Band Internet of Things) funksiyasını təklif edir. “Azercell Telekom” da bu imkanı şəbəkəsinə tətbiq edərək lazımi sınaq testlərini keçirib, abunəçilərinə xidmət göstərmək üçün hazır vəziyyətə gətirib.

Şirkətin bu təşəbbüsü IoT-nin verdiyi imkanlar əsasında insanlara daha rahat, “ağıllı” mühitdə yaşamaq və işləmək imkanı yaradan bir texnologiya ərsəyə gətirdiyinə görə münsiflər heyəti tərəfindən yüksək nailiyyət kimi dəyərləndirilib. Beynəlxalq münfislər heyətinin verdiyi yüksək qiymətə münasibət bildirən “Azercell Telecom” MMC-nin prezidenti Zərinə Zeynalova qeyd edib ki, böyük şəhərlərlə yanaşı, kiçik kəndlərdə də texnologiyalara rahat çıxış imkanının yaradılması şirkətin əsas prioritetləri sırasındadır. Z.Zeynalova, həmçinin bildirib ki, “Azercell” IoT texnologiyalarının tətbiqi istiqamətində dövlətə dəstək verməyə hazırdır. Buraya xüsusilə Qarabağda işğaldan azad olunmuş torpaqlarda “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri çərçivəsində müvafiq texnologiyanın tətbiqi daxildir.

Stevie mükafatının qalibləri iyun ayından avqust ayının əvvəlinə qədər davam edən qiymətləndirmə prosesində iştirak edən dünyanın 260-dan çox nüfuzlu idarəçilərin ortalama balları əsasında müəyyən olunub. Bu il demək olar ki, bütün sahələrdə fəaliyyət göstərən və müxtəlif miqyasda olan müəssisələr tərəfindən müxtəlif nominasiyalara 3700-dən artıq layihə təqdim edilib.

Qeyd edək ki, aparıcı mobil operator ötən il nüfuzlu beynəlxalq Stevie mükafatının 3 qat qalibi olub. Şirkət yüzlərlə müəssisə arasından “İlin telekommunikasiya şirkəti” adına layiq görülərək Qızıl mükafat qazanıb. “Azercell”, eyni zamanda, “İlin ən innovativ şirkəti” və “Ən dəyərli korporativ məsuliyyətli şirkət” nominasiyaları üzrə Bürünc mükafat əldə edib.

Beynəlxalq Biznes Mükafatları dünyanın nüfuzlu biznes mükafatları proqramıdır. “Google”, “Microsoft Corporation”, “Türk Telecom”, “Vodafon Türkiyə”, “Etisalat”, “Dell Technologies”, “Mayersk Company”, “HP Inc.”, “UNESCO ICHCAP”, IBM və s. nüfuzlu şirkətlər müxtəlif illərdə bu beynəlxalq müsabiqədə iştirak edib və qalib seçiliblər.

Hazırda davam edən COVID-19 pandemiyası səbəbindən qaliblərin mükafatlandırma mərasimi dekabrda virtual şəkildə təşkil olunacaq.