logo

ABŞ Əfqanıstan Mərkəzi Bankının 7 milyard dollarını dondurub

13:33 18-08-2021 | icon 2660
ABŞ Əfqanıstan Mərkəzi Bankının 7 milyard dollarını dondurub

ABŞ Əfqanıstan Mərkəzi Bankının ötən həftə 9 milyard dollar təşkil edən ehtiyatlarının böyük hissəsini dondurub.

 YeniAvropa xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı Əfqanıstan Mərkəzi Bankının nümayəndəsinə istinadla məlumat yayıb.

“Ötən həftə Əfqanıstan Mərkəzi Bankının ehtiyatları 9 milyard dollar idi. ABŞ onun 7 milyard dollarını dondurub”, - deyə bankın nümayəndəsi bildirib. O, həmçinin qeyd edib ki, Əfqanıstanın beynəlxalq ehtiyatları heç bir təhlükəyə məruz qalmayıb, heç bir bank hesabından vəsait oğurlanmayıb. Vaşinqton “Taliban” hərəkatı tərəfdarlarının Əfqanıstan Mərkəzi Bankının ehtiyatlarına giriş əldə etməsinə çətin ki, imkan versin.

Avqustun 15-də paytaxt Kabilə döyüşsüz daxil olan “Taliban” hərəkatının silahlı dəstələri şəhəri bir neçə saat ərzində nəzarətə götürüb. Prezident Əşrəf Qani qan tökülməsinin qarşısını almaq üçün istefa verərək ölkəni tərk edib. Qərb ölkələri öz vətəndaşlarını və səfirlik əməkdaşlarını Əfqanıstandan təcili təxliyə edir.