logo

Azərbaycanın xarici dövlət borcu 8 milyard manatı ötür

16:14 10-08-2021 | icon 3073
Azərbaycanın xarici dövlət borcu 8 milyard manatı ötür

1 iyul 2021-ci il tarixi vəziyyətinə beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə vaxtı çatmış və yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla Azərbaycanın birbaşa xarici dövlət borcu 7 839,0 mln. ABŞ dolları və ya ÜDM-in 16,6%-ni təşkil edib.

YeniAvropa xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.Qeyd edilib ki, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 764,4 mln. dollar və ya ÜDM-in 1,6%-ni təşkil etməklə, şərti öhdəliklər nəzərə alınmaqla xarici dövlət borcu 8 603,4 mln dollar və ya ÜDM-in 18,2%-ni təşkil edib.

1 iyul 2021-ci il tarixi vəziyyətinə 2021-ci ilin əvvəli ilə müqayisədə xarici dövlət borcunun mütləq ifadədə 218,1 mln. dollar və ya 2,5% endirilməsinə nail olunub.

1 iyul 2021-ci il tarixinə birbaşa daxili dövlət borcu 2 495,2 mln. manat və ya ÜDM-in 3,1%-ni dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 231,1 mln. manat və ya ÜDM-in 0,3%-ni təşkil etməklə, şərti öhdəliklər nəzərə alınmaqla daxili dövlət borcu 2 726,3 mln. manat və ya ÜDM-in 3,4 %-ni təşkil edib.

Birbaşa daxili dövlət borcunun 2 488,3 mln. manatını (99,7%) daxili maliyyə bazarında emissiya edilmiş dövlət istiqrazları, 6,9 mln. manatını (0,3%) isə Mərkəzi Bankın xeyrinə 2003-cü ildə buraxılmış dövlət qiymətli kağızları üzrə qalıq borc təşkil edib.

"2021-ci ilin əvvəli ilə müqayisədə daxili dövlət borcunun səviyyəsi mütləq ifadədə 784 mln. manat məbləğində artıb ki, bunun da əsas səbəbi daxili dövlət borcalmasının həcminin artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının, dolayısı ilə maliyyə-bank sektorunun dəstəklənməsi, dövlət borcu üzrə qısa və orta müddətli gəlirlik əyrisinin formalaşdırılması və "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi olub. Bu siyasət çərçivəsində dövlət istiqrazlarının emissiyasının xalis artım həcminin cari ildə 1,3 milyard manata çatdırılması nəzərdə tutulub", - deyə nazirliyin məlumatında bildirlib.

Beləliklə, 2021-ci il 1 iyul tarixinə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 17 352,0 mln. manat və ya ÜDM-in 21,6%-ni təşkil edib. Məcmu dövlət borcunun 14 625,7 mln. manatı (8 603,4 mln. dollar) və ya 84,3%-i xarici dövlət borcunun, 2 726,3 mln manatı və ya 15,7%-i daxili dövlət borcunun payına düşür. İlin əvvəlindən ümumi dövlət borcunun həcmi 413,4 mln. manat və ya 2,4% artıb.