Bu gün Astara rayonunun Rudəkənar kənd sakini, 2005-ci il təvəllüdlü Sumayyə Məmmədovanın özündən 14 yaş böyük bir şəxslə nişan mərasiminin keçiriləcəyi məlumatı yayılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Astara rayon İcra Hakimiyyətindən(RİH) bildirilib.
Qeyd edilib ki, RİH-in yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri, kəndin icra nümayəndəsi, və rayon Polis Şöbəsinin əməkdaşları nişan mərasiminin keçirilməsinin planlaşdırıldığı rayonun Rudəkənar kəndində Azad Məmmədova məxsus evə gediblər.
Nəticədə mərasimin qarşısı alınıb. S. Məmmədova və onun valideyni ilə profilaktik söhbət aparılıb, təlimatlar verilib.
Faktla bağlı sənədlər hazırlanaraq Astara rayon Prokurorluğuna göndərilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, faktla bağlı lazımi tədbirlər görülüb, nişan mərasiminin qarşısı alınıb.
T. Mərdanoğlu qeyd edib ki, Dövlət Komitəsi tərəfindən erkən nikah faktlarının qarşının alınması üçün daima tədbirlər həyata keçirilir.