logo

Dini konfessiya rəhbərləri Şuşada  yeni məscidin ərazisinə və Qazançı kilsəsinə baxıblar

15:55 10-07-2021 | icon 3794
Dini konfessiya rəhbərləri Şuşada  yeni məscidin ərazisinə və Qazançı kilsəsinə baxıblar

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycandakı dini konfessiyaların rəhbərləri iyulun 10-da Şuşa şəhərində yeni inşa olunacaq məscidin yerləşəcəyi əraziyə baxış keçirib, Qazançı kilsəsində aparılan təmir-bərpa işləri ilə tanış olublar.

 YeniAvropa xəbər verir ki, əvvəlcə yeni inşa olunacaq məscidin yerləşəcəyi əraziyə baş çəkən nümayəndə heyətinə görüləcək tikinti işləri barədə məlumat verilib.

Bildirilib ki, məscidin təməli bu il mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Bu məscid dini ocaq və modern memarlıq nümunəsi olacaq. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən naxışlara uyğun bəzədiləcək.

Qazançı kilsəsi ilə tanışlıq zamanı məlumat verilib ki, Şuşada aparılan tikinti-quruculuq işlər çərçivəsində bu kilsə də əsaslı şəkildə bərpa edilir. Şəhərin yuxarı hissəsində yerləşən kilsənin 1868-1887-ci illərdə qədim zərdüşt məbədi üzərində inşa olunduğu bildirilir. Kilsə quruluş baxımından 4 yarımdairəvi çıxışdan ibarətdir. İşğal altındakı torpaqlarımızda olan digər abidələr kimi, ermənilər bu kilsəni də saxtalaşdırmağa cəhd ediblər. Hazırda kilsə tarixi mənşəyinə uyğun bərpa olunur.