logo

"Bakcell” abunəçiləri “Vətəndaş” tipli “ASAN imza” xidmətindən pulsuz istifadə edəcək

17:57 02-07-2021 | icon 3311
"Bakcell” abunəçiləri “Vətəndaş” tipli “ASAN imza” xidmətindən pulsuz istifadə edəcək

“Bakcell” abunəçiləri iyulun 1-dən başlayaraq "Vətəndaş” tipli “ASAN imza" xidməti üçün aylıq abunə haqqını ödəməyəcəklər.

Bu imkandan ötən il iyunun 20-dən xidmətə qoşulan vətəndaşlarla yanaşı, qeyd olunan xidməti iyulun 1-dən əldə edən bütün vətəndaşlar yararlana biləcəklər. Xatırladaq ki, "Vətəndaş” tipli “ASAN imza" xidməti üçün aylıq abunə haqqı 2.50 AZN təşkil edirdi. Xüsusilə vurğulanmalıdır ki, “ASAN imza” xidmətini mövcud olan mobil nömrədə aktivləşdirmək olar və yeni nömrənin əldə edilməsinə ehtiyac yoxdur. "ASAN imza" xidmətinin aktivləşdiyi nömrədən istifadə etdikdə, həmin nömrəyə dövlət qurumları və digər elektron xidmət təchizatçılarından birbaşa olaraq, vacib ismarıcları qəbul etmək mümkün olacaq. Bu xidməti aktivləşdirmək üçün abunəçilər şəxsiyyət vəsiqəsi ilə “Bakcell” müştəri xidmətləri mərkəzlərindən birinə müraciət etməli və burada "ASAN imza" xidmətini aktivləşdirərək "ASAN imza" SİM kartını əldə etməlidirlər. Daha sonra isə SİM kartda “ASAN imza” sertifikatlarını aktivləşdirmək üçün Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət olunmalıdır.

"ASAN imza" xidmətindən fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət və özünüidarəetmə orqanlarının nümayəndələri istifadə edə bilərlər.

Qeyd edək ki, “Vətəndaş” tipli “ASAN imza” xidmətini tamamilə ödənişsiz əsaslarla əldə edən abunəçilər Azərbaycanda dövlət və özəl qurumlar tərəfindən təqdim olunan 1000-dən çox elektron xidmətdən yararlanmaq imkanına malikdirlər.