logo

Almaniya hərbçilərini Əfqanıstandan çıxardı

19:29 30-06-2021 | icon 6825
Almaniya hərbçilərini Əfqanıstandan çıxardı

Əfqanıstanda “Resolute Support” (“Qətiyyətli dəstək”) missiyasında iştirak edən alman əsgərlərini daşıyan ilk təyyarə Almaniyaya çatıb.

YeniAvropa yerli DPA agentliyinə istinadla xəbər verir ki, Almaniya hərbçilərini Əfqanıstandan çıxaran üç təyyarədən biri Aşağı Saksoniya federal torpağının Vunstorf hava limanına enib. Yaxın zamanlarda digər iki təyyarənin də Almaniyaya çatacağı gözlənilir. Beləliklə, Əfqanıstanın şimalında yerləşən Bəlx vilayətinin administrativ mərkəzi Məzari-Şərif şəhərindəki düşərgənin təhlükəsizliyini təmin edən hərbçilər də daxil olmaqla, 264 alman əsgəri ölkəyə qayıtmalıdır.

İyunun 22-də Almaniyanın müdafiə naziri Annegret Kramp-Karrenbauer silahlı qüvvələrin 20 ildən sonra Əfqanıstandakı “Resolute Support” missiyasında iştirakını basa çatdırdığını təsdiqləyib.

Qeyd edək ki, ötən il Əfqanıstanda əksəriyyəti hərbi təlimatçı olmaqla təxminən min almaniyalı hərbçi fəaliyyət göstərirdi. Onların ölkədən çıxarılması prosesi aprel ayının sonunda başlanıb. Agentliyin məlumatına görə, Almaniya 2001-2020-ci illərdə missiyada iştirakına 12 milyard avro xərcləyib.