logo

“Tesla” Çinə satdığı 285 min qüsurlu avtomobili geri çağırır

17:20 28-06-2021 | icon 5922
“Tesla” Çinə satdığı 285 min qüsurlu avtomobili geri çağırır

ABŞ-ın elektrik avtomobilləri üzrə iri şirkəti “Tesla” Çin bazarında satdığı 285 min avtomobili proqram təminatını yeniləmək üçün geri çağırmağa başlayıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası müvafiq araşdırma apardıqdan sonra şirkət qarşısında avtomobillərin proqram təminatının yenilənməsi tələbini qoyub. Bildirilir ki, həmin avtomobillərin köməkçi idarəetmə texnologiyasındakı qüsurlar qəzalara səbəb ola bilər.

Şirkət avtomobillərin proqram təminatı pulsuz yeniləyir. Geri çağırılan avtomobillər həm idxal edilən, həm də Çində istehsal olunan “Model 3” və “Model Y” nəqliyyat vasitələridir.

Qeyd edək ki, son aylar Çində “Tesla” avtomobillərinin ölümlə nəticələnən qəzalarından sonra istehlakçılar arasında həmin nəqliyyat vasitələrindən şikayət halları çoxalıb. Şirkət Çində çox populyar olan “Tesla” avtomobilləri ilə bağlı şikayətləri təhlil etmək üçün data mərkəzi açmağı planlaşdırır.