logo

“Kənddən Şəhərə” həftəsonu yarmarkaları fəaliyyətə başlayıb

10:50 26-06-2021 | icon 3353
“Kənddən Şəhərə” həftəsonu yarmarkaları fəaliyyətə başlayıb

Bu gündən Bakı şəhərində və Abşeron rayonunda - 3 fərqli ünvanda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları başlayıb.

YeniAvropa  Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verib ki, iki gün davam edəcək yarmarkalarda 40-a yaxın regiondan 100-ə yaxın fermer iştirak edir.

Yarmarkalarda fermerlər ümumilikdə 60-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunun satışını həyata keçirir.

Satışa çıxarılan məhsulların keyfiyyət göstəricilərinə nəzarət etmək məqsədi ilə yarmarkalarda Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir. Yarmarkada satılan hər hansı bir məhsulun keyfiyyətində tərəddüd edən alıcılar laboratoriyanın xidmətlərindən ödənişsiz şəkildə faydalana bilərlər.

Yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla keçirilir, eyni zamanda yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılır Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, soyuducu, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunub. Yarmarkaya alış-verişə gələcək vətəndaşların temperaturları ölçüləcək, tibbi maskadan istifadəyə və sosial məsafənin gözlənilməsinə xüsusi diqqət yetiriləcək.

Həftəsonu yarmarkalarının təşkilində əsas məqsəd sakinləri təbii və sağlam kənd məhsulları ilə təmin etmək, eləcə də yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.

“Kənddən şəhərə” yarmarkalarının keçirildiyi ünvanlar:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.