Rusiya ilə uçuşların bərpa olunmasının ilk günündə Antalyaya 12 mindən çox rusiyalı turistin gələcəyi gözlənilir.
YeniAvropa "TRT Haber" telekanalına istinadla xəbər verir ki, bu gün 12,2 min rusiyalı turist Antalyaya gəlməlidir. Ümumilikdə isə yay mövsümü ərzində Rusiyadan bu bölgəyə təxminən 3 milyon turistin gələcəyi proqnozlaşdırılır.
Antalya şəhər şurasının turizm üzrə işçi qrupunun rəhbəri Rəcəb Yavuzun sözlərinə görə, iyunun 22-də Rusiya Federasiyasından Antalyaya 33 reys gəlməlidir.
Bir müddət öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvanın Türkiyə ilə uçuşları bərpa etmək barədə qərarını təqdir etmişdi.
Xatırladaq ki, koronavirusun yayılması səbəbindən Rusiya aprelin 15-dən iyunun 1-dək Türkiyə ilə sərnişin aviadaşımalarını məhdudlaşdırmışdı. Sonradan Rusiyanın koronavirusla mübarizə üzrə operativ qərargahı həmin müddəti iyunun 21-dək uzatmışdı.