logo

İranın yeni prezidenti: Prioritetimiz korrupsiyaya qarşı mübarizə olacaq

11:59 22-06-2021 | icon 4116
İranın yeni prezidenti: Prioritetimiz korrupsiyaya qarşı mübarizə olacaq

İranda keçirilən prezident seçkilərindən qalib gələn İbrahim Rəisi ilk mətbuat konfransını keçirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, İran prezidenti daxili və xarici siyasət barədə bəzi fikirlərini ictimaiyyətə açıqlayıb.

ABŞ-la münasibətlərə toxunan İbrahim Rəisi sanksiyaların ləğvindən danışıb. Bildirib ki, əgər ABŞ sanksiyaları aradan qaldırıb üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə, o zaman İran da öhdəliklərini yerinə yetirəcək.

İranın raket proqramı heç bir dövlətlə müzakirəyə çıxarılmayacaq. Bu istiqamətdə işlər davam etdiriləcək.

Qeyd edib ki, İran ilə Çin arasında müxtəlif sahələr üzrə əlaqələrin inkişafı davam etdiriləcək, Səudiyyə Ərəbistanı ilə dialoq qurulmalıdır.

“Bizim siyasətimiz təkcə nüvə razılaşmasını müzakirə etməkdən deyil, ölkədə korrupsiya, rüşvətxorluq və yoxsulluq ilə mübarizə aparmaqdan, iş adamları üçün əlverişli şərait yaratmaqdan, ədaləti bərpa etməkdən ibarət olacaq”, -deyə İranın yeni prezidenti vurğulayıb.

Qeyd edib ki, yeniliyə mane olan bürokratik sistem aradan qaldırılacaq, administrasiyada islahatlar aparılacaq.

Xatırladaq ki, iyunun 18-də İranda keçirilən 13-cü prezident seçkilərində İbrahim Rəisi səslərin çoxunu qazanaraq rezident seçilib. Hazırkı prezident Həsən Ruhaninin səlahiyyət müddəti isə avqustun 3-də başa çatacaq.