logo

Türkiyənin “Zorlu Holding”i Azərbaycanın tekstil sənayesini dirçəldəcək

10:30 19-06-2021 | icon 4095
Türkiyənin “Zorlu Holding”i Azərbaycanın tekstil sənayesini dirçəldəcək

İqtisadiyyat Nazirliyi ilə “Zorlu” Holdinq arasında anlaşma memorandumu imzalanıb.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında möhkəm dostluq münasibətlərinin Türkiyə şirkətlərinin Azərbaycanda fəaliyyətinə, investisiyalar sahəsində əməkdaşlığa münbit şərait yaratdığını vurğulayıb. Bildirilib ki, qardaş Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrdəndir. İqtisadiyyat Nazirliyi və “Zorlu Holding” arasında imzalanan memorandum investisiya tərəfdaşlığının genişlənməsinə əlavə imkanlar açır. Belə ki, “Zorlu Holding” tərəfindən Azərbaycan iqtisadiyyatının bir sıra sahələrinə, o cümlədən tekstil sənayesinə sərmayə qoyuluşu ilə layihələr icra olunacaq, bu layihələrin reallaşmasına İqtisadiyyat Nazirliyi lazımi dəstək göstərəcək.

Tədbirdə reallaşdırılacaq layihələrin, yatırılacaq sərmayələrin ölkəmizə, iqtisadiyyatımıza fayda gətirəcəyinə, strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan və Türkiyə iqtisadi əlaqələrini daha da möhkəmləndirəcəyinə əminlik ifadə olunub.

“Zorlu Holding”in İdarə Heyətinin sədri Əhməd Nazif Zorlu rəhbərlik etdiyi şirkətin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru üçün prioritet olan sahələrində irimiqyaslı layihələr həyata keçirəcəyindən məmnunluq və qürur hissi keçirdiyini bildirib, bu sahədə görüləcək işlər barədə məlumat verib.