Azərbaycan, Gürcüstan və Türkiyə daha bir sahədə - fındıqçılıq sahəsində birgə əməkdaşlıq edəcəklər.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə razılıq Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirlə Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitasvili arasında keçirilən görüşdə əldə olunub.
Tbilisidə baş tutan görüşdə tərəflər iki ölkə arasında kənd və meşə təsərrüfatı sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.
Görüşdə, həmçinin Gürcüstan, Türkiyə və Azərbaycan arasında fındıqçılıq sahəsində üçtərəfli əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu əməkdaşlıq ixrac bazarlarının genişlənməsinə və fındıq satışından əldə olunan gəlirlərin artmasına müsbət təsir göstərəcək.
Heyvandarlıq sahəsində də əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub.
Nazirlər Gürcüstandan Türkiyəyə heyvan mənşəli məhsulların ixracının artırılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalayıblar.