logo

"Buta Airways" Bakı-Həştərxan aviareyslərinə başlayıb

12:59 03-06-2021 | icon 3836
"Buta Airways" Bakı-Həştərxan aviareyslərinə başlayıb

Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı olan "Buta Airways" şirkəti Bakıdan Rusiyanın Həştərxan şəhərinə xüsusi reyslər həyata keçirməyə başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə "Buta Airways"dən bildirilib. Qeyd edilib ki, uçuşlar həftədə bir dəfə – həftənin cümə axşamı günləri Bakı-Həştərxan-Bakı istiqamətində yerinə yetiriləcək.

Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – "Standart" və "Super". Hər iki tarifə ödənişsiz qaydada yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.

Qeyd edilən reyslərə biletlər "Buta Airways" aviaşirkətinin rəsmi saytında ("Super" və "Standart" tarifləri üzrə) və akkreditə olunmuş agentliklərində (yalnız "Super" tarifi üzrə) mövcuddur. Aviabiletlərin qiyməti 55 avrodan başlayır.

Pandemiya dövründə həmin reyslərə həm gediş, həm də gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək.

Reyslərə mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan kateqoriyalı sərnişinlər qəbul olunacaq.

Qeyd edək ki, hazırda Bakıdan Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Samara, Novosibirsk, Nijni Novqorod, Krasnoyarsk, Omsk, Norilsk, Ufa və Perm şəhərlərinə uçuşlar yerinə yetirilir.