2020-ci il dövlət büdcəsinin xərclərinin 27492,2 milyon manat proqnoza qarşı 26416,3 milyon manat icra edilib ki, bu da 1990,4 milyon manat (8,1 faiz) çoxdur.
YeniAvropa xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisin mayın 27-də keçirilən iclasında 2020-ci il üçün dövlət büdcəsinin icrası ilə bağlı aparılan müzakirələrdə çıxışı zamanı bildirib.
Samir Şərifov qeyd edib ki, 2020-ci ildə iqtisadiyyatda 72,4 milyard manat dəyərində və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz az ÜDM istehsal edilib. Pandemiyanın təsirləri nəticəsində iqtisadiyyatın bir çox sahələrində, o cümlədən, qeyri-neft sektoru üzrə əlavə dəyər istehsalı 2,6 faiz, neft sektorunda isə 7,0 faiz geriləmə qeydə alınsa da, kənd təsərrüfatı üzrə 1,9 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 4,6 faiz, informasiya-rabitə sektoru üzrə 0,6 faiz, sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı üzrə 12,5 faiz artım müşahidə olunub.
Maliyyə naziri vurğulayıb ki, hesabat ilində qarşıya qoyulan öhdəliklər yerinə yetirilib. Pandemiyadan zərər çəkən sahələrə xeyli miqdarda vəsait ayrılıb. Səhiyyə, ordu quruculuğu, təhlükəsizlik sahələri diqqətə saxlanılıb.