logo

Nazir:Qabaqlayıcı tədbirlər hesabına iqtisadi tənəzzülün qarşısı alındı

13:33 27-05-2021 | icon 7287
Nazir:Qabaqlayıcı tədbirlər hesabına iqtisadi tənəzzülün qarşısı alındı

2020-ci il xalqımızın tarixində prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfərlə yadda qalıb. Bu Zəfər xalqımızın tarixində yeni səhifə açıb.

Ötən il, eyni zamanda, çox ağır illərdən biri olub. Azərbaycan 2020-ci ildə paralel olaraq pandemiya, qlobal iqtisadi böhran və erməni işğalçıları ilə mübarizə aparıb. Bu mübarizənin uğurla aparılmasında dövlət büdcəsinin icrasında çevikliyin, maliyyə intizamının, iqtisadi resurslardan səmərəli istifadənin təmin olunması xüsusi rol oynayıb.

YeniAvropa xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisin mayın 27-də keçirilən iclasında 2020-ci il üçün dövlət büdcəsinin icrası ilə bağlı aparılan müzakirələrdə çıxışı zamanı səsləndirib.

Maliyyə naziri diqqətə çatdırıb ki, aparılan qabaqlayıcı tədbirlər hesabına ölkə iqtisadiyyatında gözlənilən tənəzzülün miqyasının azaldılmasına nail olunub.

2020-ci il ərzində dövlət büdcəsində koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatina mənfi təsirlərin azaldılması məqsədilə 1390,6 milyon manat vəsait nəzərdə tutulub və həmin vəsaitin 1334,1 milyon manatı istifadə olunub. Bununla yanaşı, iqtisadi dəstək tədbirləri üzrə büdcə və digər mənbələr hesabına 2,5 milyard manat vəsaitin səfərbər olunması təmin edilib.