Araz çayından istifadə üzrə Azərbaycan-İran Birgə Komissiyasının iclası keçiriləcək
Mayın 31-də Araz su anbarının səddində “Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan-İran Birgə Komissiyası”nın 50-ci yubiley iclası keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən bildirilib. Qeyd edilib ki, iclasa hazırlıq məqsədi ilə COVID-19 pandemiyası ilə əlaqədar videokonfrans şəklində görüş təşkil olunub.
Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən görüşdə 50-ci görüşünün Protokol layihəsinin müzakirə olunub.
Azərbaycan tərəfindən görüşdə həmçinin, ASC-nin şöbə müdirləri Əjdər Cavadov və Elxan Hüseyinov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri Mütəllim Əbdülhəsənov, Asif Verdiyev və Naxçıvan Muxtar Respublikasının Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Yəhya Allahverdiyev, Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev və Ekologiya və təbii sərvətlər naziri Mais Əliyev iştirak ediblər.
Görüşdə bir sıra məsələlər müzakirə edilib. Belə ki, Araz su anbarının 2021-ci il üçün iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib, Araz çayında su sərfinin ölçülməsi qrafiki təsdiq edilib, Araz çayının su ehtiyatlarının qiymətləndirilməsi, idarə edilməsi və su bölgüsünün optimallaşdırılması məqsədilə avtomatik idarəetmə sisteminin yaradılması sahəsində aparılan işlərin sürətləndirilməsi və digər məsələlər müzakirə olunub.