2020-ci ildə səhiyyə işçilərinə dövlət büdcəsindən 186 milyon manat vəsait ödənilib.
YeniAvropa xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 24-də keçirilən iclasında bildirib.
Nazir qeyd edib ki, ötən il ölkəmizdə kənd təsərrüfatı və nəqliyyat sektorlarında irəliləyiş müşahidə olunub.
Bildirilib ki, manatın sabitliyinin qorunması inflyasiyanın qarşısının alınmasına kömək edib. Dövlət büdcəsindən pandemiya ilə mübarizəyə xeyli vəsait xərclənib. Buraya dəstək proqramları, sosialyönümlü xərclər daxildir. Modul tipli xəstəxanaların açılmasına, tibb işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına və ümumilikdə səhiyyə sahəsinə dövlət büdcəsindən 600 milyondan çox vəsait xərclənib.
S.Şərifov bildirib ki, hesabat ilində dövlət büdcəsinin 3,1 faizi sosialyönümlü xərclərə sərf olunub. Qeyri-neft sektorunda büdcə daxilolmaları 10 milyard 680 milyon manat təşkil edib ki, bu da nəzərdə tutulandan çoxdur.