Bu gün Bakıda Azərbaycan-Britaniya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Mayın 20-də Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib. Qeyd edilib ki,iclasda iştirak etmək üçün Böyük Britaniya tərəfdən ihəmsədr, Dövlət Katibinin Parlament nümayəndəsi, ixracat naziri Qraham Styuartın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
İclasda Hökumətlərarası Komissiyanın 3-cü iclasından sonrakı dövrdə görülmüş işlər, Azərbaycan və Böyük Britaniya arasında energetika, bərpa olunan enerji və enerji səmərəliliyi, iqtisadiyyat, kənd təsərrüfatı, nəqliyyat, rabitə, ətraf mühit, təhsil, səhiyyə, turizm, mədəniyyət və digər sahələrdə mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi imkanları müzakirə ediləcək.
Qeyd edək ki, Azərbaycan tərəfindən iclasa Birgə komissiyanın həmsədri, energetika naziri Pərviz Şahbazovun başçılıq etdiyi nümayəndə heyəti qatılacaq.